воскресенье, 12 октября 2014 г.

Ana Dilim

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Respublikamızda dil siyasətinin formalaşdırılması, ana dilimizin dövlət dili kimi təbliği işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan dili müəllimləri, bütün ziyalılar, xalqını və millətini sevən hər bir kəs dilimizi sevməklə yanaşı başqalarına da sevməyi öyrətməliyik. Hər bir Azərbaycan vətəndaşının ailəsində dünyaya göz açan körpə ana dilində ata, ana, nənə, baba deyərək böyüməlidir. Xüsusilə məktəb yaşlı uşaqların öz doğma dilimiz haqqında daha mükəmməl biliklərə yiyələnmələrinə nail olmalıyıq.Ümid edirəm ki, mənim Azərbaycan əlifbası və Azərbaycan dili günü ərəfəsində qələmə aldığım bu yazıdan həmkarlarım bəhrələnəcəklər.
Ana dili bizim müqəddəs sərvətimiz, anamızın bizə layla dediyi şirin dildir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.
Ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin özünüisbatı, həyat tərzi, mədəni irsidir. Bunu qərinələr, tarix sübut edir. Dil hər ölənlə birgə ölməsə də, hər doğulanla birgə doğulan əbədiyaşar bir varlıqdır.
Planetimizin ilk millətlərindən olan Latınlar bu gün tarix səhnəsində olmasalar da dilləri qalıb. İndi bu dil cahan boyu addımlamaqla dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşəriyyətin sağlanamlığına xidmət edən tibb elminin terminlər dünyasını öz varlığında daşımaqdadır. Ağır xəstəliklərə düçar olub ölən xalqın dili bu gün bütün dünya xalqlarını xəstəliklərdən xilas etməkdədir.
Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı.
Mənim ana dilim! Bu o dildir ki, Fizuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.
Hər xalqın öz dili var. Bizim də dilimiz Azərbaycan dilidir. Bu dil zaman-zaman inkişaf edib, zənginləşib. Bu gün Azərbaycan dili təkcə doqquz milyonluq Azərbaycan respublikasının deyil, Şimaldan Cənuba, Şərqdən Qərbədək planetimizin yetmişədək ölkəsində yaşayıb yaradan əlli milyonluq xalqın dilidir.
XIX əsrdə Qafqaza gələn fransız yazıçısı Aleksandr Düma öz qeydlərində yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”.
Ulu öndərimiz uzaqgörən şəxsiyyət Heydər Əliyev ana dilimizin saflığının qorunması üçün mühüm işlər görmüşdür. Milli lider ana dili haqqında deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”.
2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Ulu öndərin 2001-ci ilin 9 avqustunda imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dilinin təsis edilməsi haqqında” fərmanına əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarixi sənəd ana dilimizə yeni nəfəs, yüksəliş verdi.
Azərbaycan dili dünyamızın ən şirin, ən mükəmməl, ən zəngin, ən poetik dillərindən biridir.
Azərbaycan dili bizi dünyaya gətirən anamızın dilidir, üzərində boy atıb böyüdüyümüz Vətənimizin dilidir. Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirindir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdırmağa qadir bir dildir.
Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli sözlər söylənilmişdir.
Görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimov yazır: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, ahənglə, musiqi ilə doludur”.
Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq bizim vətəndaşlıq borcumuzdur.
Ucalır bağında bülbülün səsi,
Çay susur, əsməyir çəməndə yel də
Nə qədər doğmadır onun nəğməsi
Bülbül də elə bil ötür bu dildə.
Hörmətli şairimiz Nəbi Xəzrinin bu misralarında dilimizin zənginliyi öz əksini bir daha tapmışdır.
İnsan həyatında dil ünsiyyət vasitəsidir. Çünki məhz dilin köməyi ilə biliklərə yiyələnir, onun vasitəsilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk.
Fikrimi ulu öndər Heydər Əliyevin sözləri ilə tamamlayıram:”Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir”.

Комментариев нет:

Отправить комментарий